Zoologiya İnstitutunda 10 mövzuya aid 36 elmi tədqiqat işi yerinə yetirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Zoologiya İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekununa həsr olunan illik hesabat iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil olunan iclasda elmi müəssisənin direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov hesabatı təqdim edib. O, 2020-ci ildə “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazalarının yaradılması” istiqaməti üzrə 3 problem, 10 mövzuya aid 36 elmi tədqiqat işinin yerinə yetirildiyini, 9 mövzu, 34 iş və 36 mərhələnin yekunlaşdığını, nəzərdə tutulan tədqiqat işlərinin tam yerinə yetirildiyini diqqətə çatdırıb.
Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 62 məqalə, 24 tezis, 1 kitab və 1 monoqrafiyanın (xaricdə) hazırlandığını, onlardan 49 məqalə və 15 tezisin xarici jurnallarda nəşr edildiyini vurğulayıb. Bu məqalələrdən 17-nin “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən Ələddin Eyvazov institut əməkdaşlarının elmi əsərlərinə istinadlar olduğunu, əməkdaşların dəfələrlə yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib. O məlumat verib ki, il ərzində əməkdaşların çoxillik tədqiqatlarının nəticəsi olaraq “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” kitabı çapdan çıxıb.
Ələddin Eyvazov hesabat ilində imzalanan müqavilələr, qrant layihələr, planlar və perspektivlər haqqında da ətraflı məlumat verib. Pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq elmi araşdırmaların uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib.
Yekun olaraq akademiklər İradə Hüseynova, Validə Əlizadə, AMEA-nın müxbir üzvləri - Tofiq Məmmədov, Pənah Muradov, biologiya elmləri doktorları Vahid Fərzəliyev, İlham Ələkbərov, Elşad Əhmədov, Şaiq İbrahimov, Qiyas Quliyev və digərləri institut kollektivinin il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək, rəhbərliyə və əməkdaşlara tövsiyələrini bildiriblər.