RƏSMİ XRONİKA
Azərbaycan və Venesuela prezidentlərinin görüşü olub [YENİLƏNİB] VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Venesuela Prezidentinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi və ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanlar yaratdığını vurğuladı.
Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına yol açacağını dedi. O, bunun hər iki ölkənin regionları üçün əhəmiyyətli olduğunu bildirdi.
Görüşdə ticarət, investisiya qoyuluşu, energetika sahələrində əməkdaşlıq əlaqələrinin araşdırılması barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Venesuela Prezidentinə məlumat verdi. Dövlətimizin başçısı münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həllinin vacibliyini vurğuladı.
Söhbət zamanı dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi baxımından OPEC-ə üzv və üzv olmayan ölkələr arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.