REGİONLAR
Xocavəndli məcburi köçkünlər şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər
Beyləqan, 17 fevral, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 25 il keçir.
AZƏRTAC xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər, N saylı hərbi hissənin əsgər və zabitləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Tuğ kənd 1 nömrəli tam orta məktəbdə keçirilən “Qaradağlı: faciə və qəhrəmanlıq salnaməsi” adlı tədbirdə çıxış edənlər erməni hərbi birləşmələrinin 25 il əvvəl Qaradağlı kəndində törətdikləri vəhşiliklərdən, kənd özünümüdafiə dəstəsinin düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparmasından danışıblar.
Bildirilib ki, Qaradağlı sakinləri ermənilərə qarşı inadlı müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib.
Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 17-də bu qədim Azərbaycan kəndinin sakinlərindən 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 18-i aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb.
Faciənin ildönümü ilə bağlı Xocavənd qəsəbəsindəki idman zalında Qaradağlı şəhidlərinin xatirəsinə həsr edilmiş güləş yarışı keçirilib, mədəniyyət evində “Ana harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.