Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Qobustanda vətəndaşları qəbul edib VİDEO
Qobustan, 10 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq, martın 10-da Qobustan rayonunda vətəndaşları qəbul edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayon sakinləri iştirak ediblər.
Əvvəlcə M.Abbaszadə ulu öndər Heydər Əliyevin Qobustan rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb.
Qəbulda əsasən dövlət qulluğuna və ali təhsilin magistratura səviyyəsinə qəbul, buraxılış imtahanları və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.