ELM VƏ TƏHSİL
Azərbaycan dilindən imtahan verən rus bölməsi abituriyentlərindən 4 min 561-i “məqbul” qiymət alıb VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 9-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə Azərbaycan dili fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb.
İmtahanda iştirak etmiş abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakı nəzərdə tutulan 6 min 151 abituriyentdən 92-si imtahana gəlməyib. İmtahanda iştirak edən 6 min 59 abituriyentdən 4 min 561-i tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiqlədən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də növbəti Azərbaycan dili imtahanında iştirak edə bilərlər.