Almaniyanın Kronberq şəhərində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş tədbir keçirilib VİDEO
Berlin, 1 mart, AZƏRTAC
Almaniyanın Kronberq şəhərində Alman Atlantik Cəmiyyətinin və Schlosshotel Kronberqin birgə təşkilatçılığı ilə “Təhlükəsizlik siyasəti” silsiləsindən növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş budəfəki tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov əsas natiq qismində çıxış edib. “Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda çıxışı zamanı səfir iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunub, eyni zamanda Azərbaycanın coğrafi mövqeyi, qonşu dövlətlərlə münasibətləri, tarixi, iqtisadiyyatı, mədəniyyəti və regiondakı geosiyasi vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin bölgənin inkişafına və sabitliyinə töhfə verdiyini bildirib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı əhəmiyyətli rolunu vurğulayıb.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının regional təhlükəsizliyə ciddi şəkildə təhdid olduğunu bildirib.
Tədbir daha sonra iştirakçıların ünvanladığı sualların cavablandırılması ilə interaktiv dialoq şəklində davam edib.
Müzakirələrdə siyasi və iqtisadi dairələrinin, həmçinin Almaniya ictimaiyyətinin nümayəndələri iştirak edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin