MƏDƏNİYYƏT
Parlamentin mədəniyyət komitəsinin iclasında bəzi qanunlarda dəyişikliklər edilməsinə dair müzakirələr aparılıb VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə komitə sədri Rafael Hüseynov ölkədə uğurla başa çatan prezident seçkilərində xalqın iradəsi ilə İlham Əliyevin yeddi il müddətinə dövlət başçısı seçilməsi münasibətilə xoş arzularını çatdırıb.
Sonra iclasda bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə bağlı məsələlərə baxılıb. Bildirilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik “Hərbi vəziyyət haqqında” 2017-ci il 14 fevral tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, qanunun 18-ci maddəsinə “Fövqəladə hallarla” sözlərindən sonra “və ya hərbi vəziyyətlə” sözləri əlavə edilir.
Məlumat verilib ki, “Hərbi vəziyyət haqqında” Qanunun 10-cu maddəsinə və “Fövqəladə vəziyyət haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq olaraq hərbi vəziyyət və fövqəladə vəziyyət müddətində rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması nəzərdə tutula bilər. Bununla əlaqədar olaraq, “Telekommunikasiya haqqında” Qanunda bəzi dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliklərə görə, qanunun 16-cı maddəsinin adına və 16.1 bəndinə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri, eyni zamanda, “Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir” cümləsi əlavə olunur.
Diqqətə çatdırılıb ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun senzuranın yolverilməzliyi ilə bağlı 7-ci maddəsinə ediləcək əlavəyə əsasən, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Qanuna müvafiq olaraq kütləvi informasiya vasitələrinin məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər. “Televiziya və radio yayımı haqqında” Qanuna da yuxarıda göstərilən hallarda teleradio məlumat və materialları və teleradio yayımını şərtləndirən yeni müddəa əlavə olunur. “İctimai televiziya və radio yayımı haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklər “Reklam haqqında” Qanuna uyğunlaşdırma məqsədilə aparılıb. Ayrı-ayrı maddələrdə edilən düzəlişlərə əsasən, sosial reklam “Reklam haqqında” Qanuna uyğun olaraq yayımlanır, ictimai yayım proqramlarında yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların elementlərindən vizual və akustik şəkildə fərqlənməlidir, sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərtilə yayımlanır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Sponsor reklamında bu məlumatların ümumi həcmi iki dəqiqədən çox olmamalıdır.
Qeyd edilib ki, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunların bəzi maddələrinə “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə olunur və digər lazımi dəyişikliklər edilir. Bu düzəlişlər ölkə Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli Fərmanına uyğun olaraq aparılıb.
Komitə üzvləri təqdim olunan düzəlişləri dəstəkləyiblər və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.