İDMAN
Nurməhəmmədov ilə Makqreqor arasındakı qarşılaşmada UFC tarixində yeni rekord müəyyənləşib VİDEO

Bakı, 12 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
“UFC 229” turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov ilə irlandiyalı Konor Makqreqor arasında oktyabrın 7-də ABŞ-ın Las-Veqas şəhərində keçirilən qarşılaşma ödənişli yayımların satışı üzrə bu yarışın tarixində rekord olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, turnirin yayım hüququ UFC tarixində rekord məbləğə - 2,4 milyon dollara satılıb. Bundan əvvəlki ən yüksək məbləğ 2016-cı il avqustun 20-də keçirilən “UFC 202” turnirində qeydə alınıb - 1,5 milyon dollar. Həmin turnirin əsas döyüşü Konor Makqreqor ilə amerikalı Neyt Dias arasında olub.
Xatırladaq ki, Həbib Nurməhəmmədov ilə Konor Makqreqor arasında döyüşdə dağıstanlı idmançı 4-cü raundda qalib gələrək yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub.
Bu qələbə sayəsində Həbib Nurməhəmmədov UFC-nin yeni reytinq siyahısında altı pillə irəliləyərək ikinci sıraya yüksəlib. Konor Makqreqor isə ikinci pillədən səkkizinci pilləyə geriləyib.