Azərbaycan idmançısı ağırlıqqaldırma üzrə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb VİDEO












Bakı, 13 oktyabr, AZƏRTAC
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışında mübarizəyə qoşulan gənc idmançımız Tarmenxan Babayev gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan gənc atlet birdən qaldırma hərəkətində 142 kiloqramı ram edib və bu hərəkətdə ikinci olub. O, təkanla qaldırma hərəkətində də 174 kiloqramın öhdəsindən gələrək ikinci yeri tutub. Yekun nəticədə 316 kiloqram (142 kq+174 kq) nəticə qazanan Tarmenxan Babayev Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalına layiq görülüb.
İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov və ölkəmizin nümayəndə heyətinin digər üzvləri də izləyiblər.
Tarmenxan Babayev “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Onun şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018) olan idmançımız altı dəfə yeni rekord müəyyənləşdirib.
Azərbaycan olimpiadada iki ağır atlet ilə təmsil olunub. Oktyabrın 11-də qızların yarışında 58 kiloqram çəki dərəcəsində çıxış edən Lalə Rzazadə altıncı yeri tutub.
Xatırladaq ki, bu, Azərbaycan milli komandasının Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında dördüncü medalıdır. Bundan əvvəl cüdoçu Vüqar Talıbov və gimnast Yelizaveta Luzan qızıl, taekvondoçu Cavad Ağayev isə bürünc medal qazanıblar.