120 YAŞLI İORDANİYALI ÜÇÜNCÜ DƏFƏ EVLƏNMƏK QƏRARINA GƏLMİŞDİR
Qoca çoxsaylı uşaqlarının, nəvə və nəticələrinin istirahət etmək məsləhətinə məhəl qoymayaraq yenidən evlənməyi qəti qərara almışdır.
Əbu Məhəmməd onunla ailə qurmaq istəyənlərə qarşı çox sərt tələblər irəli sürür: Gəlin, yaşı 40-ı ötməyən, sarışın və gözəgəlimli xanənişin olmalıdır. Seçəcəyi qızın gözlərinin rəngi Əbu Məhəmmədi çox da narahat etmir. Onun fikrincə, başlıcası sevgidir.
Əbu Məhəmməd iki dəfə evli olmuşdur. Hazırda qocaman iordaniyalı doğma kəndində 14 uşağının, yüzdən çox nəvə və nəticəsinin əhatəsində xoşbəxt yaşayır.
Əbu Məhəmməd deyir: “Mənim ikinci arvadımın atası toyda qızına xəbərdarlıq etmişdi ki, qızım, bu qoca 2-3 ildən artıq yaşamayacaq. O vaxt mənim 85, onun isə 27 yaşı var idi. Amma biz birlikdə 32 il xoşbəxt ömür sürdük və 7 uşağımız var. İndi ikinci arvadım ölüb, bu nikahdan olan 15 və 16 yaşlı qızlarım indiyə kimi mənimlə yaşayırlar.
Qohumlarının dediklərinə görə, 120 yaşlı adaxlı indiyə kimi cismən və ruhən cavandır. Əbu Məhəmmədə 60 yaş vermək olar, onun sarışın saçları, demək olar, ağarmayıb, üzündə isə qırış yoxdur, yaşıl gözlərinin qığılcımı hələ də sönməyib. Osmanlı imperiyası dövründə yaşamış və indiyədək bir dəfə də həkimə müraciət etməyən Əbu Məhəmməd heç vaxt boş-bekar oturmayıbdır. Bostanda işləyir, hər gün 5 kilometr piyada gəzir və bütün iş günü ərzində heç oturmaya da bilər. O deyir: “Mən hər gün 1 litr zeytun yağı içirəm və çoxlu balıq yeyirəm. İndiyədək nə siqaret çəkmişəm, nə də alkohollu içki içmişəm”.
Əbu Məhəmməd müasir texnika ilə tanış deyil, hələ televizora baxmayıb, radio dinləməyib. Əmindir ki, bu müasir texnika şeytan işidir, insanın ömrünü qısaldır və onu gücdən salır.
Əbu Məhəmmədin bir sirri də var: Həyatda həmişə nə isə xoşagəlimli və sevindirici bir şey tapmaq lazımdır. O deyir: “Mən hər günümü xoşbəxt yaşamağa çalışıram, yəqin, ona görə də Allah ömrümü uzadır”.