İDMAN
Kreyq Ridi: WADA-nın Bakıda keçirilən iclaslarında mühüm qərarlar qəbul olunub VİDEO
Bakı, 15 noyabr, AZƏRTAC
Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirirəm. Bu iclaslar çox məhsuldar keçdi və mühüm qərarlar qəbul olundu.
AZƏRTAC xəbər verir ki, bunu WADA-nın prezidenti Kreyq Ridi qurumun Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasları ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.
K.Ridi bildirib ki, Bakıda keçirilən toplantıda xeyli sayda ölkədən və qurumdan nümayəndələr iştirak edirlər. Onlar idmanda yalana və dopinqlərə qarşı ciddi mübarizə aparılması yollarını müzakirə edirlər. Bundan əlavə, İcraiyyə Komitəsində idmançıların da təmsil olunması ilə bağlı qərar qəbul edilib. Noyabrın 28-də WADA-nın nümayəndə heyəti Moskva Laboratoriyasında görülən işlərlə tanış olacaqlar. Bu, Rusiya Antidopinq Agentliyi (RUSADA) ilə WADA arasındakı sıx əməkdaşlıqdan irəli gəlir.
“Azərbaycanda xüsusi diqqətdə saxladığımız hansısa idman növləri yoxdur. Rəhbərlik etdiyin qurum mütəmadi olaraq milli təşkilatlarda auditlər aparır. Biz hər il qadağan olunmuş maddələrin siyahısını yeniləyirik. Çünki antidopinq dünyası sürətlə dəyişir. İstəyimiz odur ki, yerli təşkilatlar məcəlləyə uyğun fəaliyyət göstərsinlər. Azərbaycan Milli Antidopinq Agentliyinin fəaliyyətindən razıyıq. Bu qurum Polşadakı təşkilatla sıx əməkdaşlıq sayəsində çox iş görüb”, - deyə K.Ridi əlavə edib.
Qeyd edək ki, Bakıda Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarında ötənilki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi dinlənilib, 2019-cu ilin noyabrında Polşada keçiriləcək İdmanda Dopinq Konfransının prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilərin qaydaları müzakirə olunub.
Mərasimdə WADA-nın müstəqil normalara riayət edilməsi komitəsinin rəhbərlərinin çıxışları dinlənilib və bu istiqamətdə qəbul edilmiş qərarlar haqqında yeni məlumatlar verilib.
Bununla yanaşı, iclasda qurumun daimi komitəsinin sədrləri tərəfindən maliyyə, tibb, təhsil və digər sahələrdə görülən işlər də müzakirə edilib.
Qeyd edək ki, iclas işini noyabrın 15-də yekunlaşdıracaq.