RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Arkadi Dvorkoviçi Beynəlxalq Şahmat Federasiyasının prezidenti kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Arkadi Dvorkoviçin bu vəzifəyə seçilməsindən sonra qısa bir zaman ərzində Azərbaycana səfərinin önəmini qeyd edərək, bunu ölkəmizin şahmat ənənələrinə diqqət və hörmət əlaməti kimi dəyərləndirdi. Dövlətimizin başçısı Arkadi Dvorkoviçin səfəri zamanı Azərbaycanla FIDE arasında əməkdaşlığın perspektivləri, ölkəmizin dünya şahmat ailəsində fəal iştirakı və qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu dedi. O, ölkəmizin FIDE-yə verdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun təşkilatın fəaliyyətində daim hiss olunduğunu vurğuladı. Arkadi Dvorkoviç, eyni zamanda, Azərbaycan nümayəndəsinin FIDE-nin vitse-prezidenti vəzifəsinə seçilməsinin əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycanda idmana, o cümlədən şahmata dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi vurğulandı.

Söhbət zamanı Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri kimi rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa önəm verdiyini, artıq telekommunikasiya sahəsində birgə işlərin aparıldığını dedi və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin