REGİONLAR
Xalq artisti Tofiq Tağızadə özünəməxsus dəstxəti ilə mədəniyyət tariximizdə dərin iz qoyub VİDEO
Xaçmaz, 16 aprel, Elxan Yusifli, AZƏRTAC
Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə özünəməxsus dəstxəti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirərək, mədəniyyət tariximizdə dərin iz qoyub. Nadir istedada malik rejissorun lentə aldığı “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə aprelin 16-da Xaçmazda Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə bəhs olunub.
Heydər Əliyev Mərkəzində keçirilən yubiley mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Xalq artistləri Ənvər Həsənov, Rafiq Əzimov və başqaları çıxış edərək istedadlı rejissorun həyat və yaradıcılığından danışıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, 2019-cu ildə görkəmli rejissorun yubileyinə həsr edilən çoxsaylı tədbirlər keçirilir. Bu, dövlət tərəfindən istedadlı şəxsiyyətlərin fəaliyyətinə ayrılan böyük diqqətdən xəbər verir.
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tariximizə yeni səhifələr yazıb. Ömrünün 40 ilə yaxın dövrünü kinoya həsr edən sənətkar çəkdiyi filmlərlə özünü professional rejissor kimi təsdiqlədib.
Yubiley tədbirində bildirilib ki, görkəmli kino rejissoru Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri var.
Sonra görkəmli rejissorun filmlərindən hazırlanmış videoçarx nümayiş etdirilib.