ELM VƏ TƏHSİL


Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub VİDEO

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Federasiyası Hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, akademik Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda olub.

AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva ölkəmizdə elmin inkişafına daim xüsusi önəm verildiyini vurğulayıb.

Aytən Mustafayeva rəhbərlik etdiyi institutun fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycan ilə Rusiya arasında elmi əlaqələrin əhəmiyyətindən danışıb.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva müasir dünyada elmin mühüm rolunu qeyd edib, bu sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Sonra geniş fikir mübadiləsi aparılıb. İnsan hüquqlarının və azadlığının qorunması, konstitusiya hüququ və demokratik institutların inkişafı, yeni çağırışlar əsasında qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq və milli qanunvericiliyin əlaqələndirilməsi və s. kimi sahələrdə qarşılıqlı əməkdaşlıq həyata keçirmək üçün razılığa gəlinib.

Görüşdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Rusiya Federasiyası Hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutu arasında elmi əməkdaşlığa dair saziş imzalanıb.

Qeyd edək ki, akademik Taliya Xabriyeva, eyni zamanda, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Beynəlxalq Müqayisəli Hüquq Akademiyasının və digər müvafiq təşkilatların üzvüdür. O, 2001-ci ildən Rusiya Federasiyası Hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktorudur. Alim ümumilikdə 300-dən çox elmi məqalənin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.