REGİONLAR
Media nümayəndələri Qubada yeni pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərin dərs prosesini izləyiblər VİDEO
Quba, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 3-də Qubaya təşkil olunan mediatur çərçivəsində mətbuat nümayəndələri rayonda yeni tədris ilindən pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşüb, onların dərs prosesini izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediaturda kütləvi informasiya nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak edib.
Mediatur iştirakçıları əvvəlcə Quba rayonu Nurəddin Rzayev adına Əspərasti kənd tam orta məktəbində olublar. Bu il yüksək bal toplayan 4 yeni müəllim burada işə qəbul olunub.
Məktəbdə gənc müəllimlər Aysel Fərəcova (ingilis dili), Aygün Məhərrəmova (riyaziyyat), Samirə Məmmədli (informatika) və Orxan Cəfərovun (tarix) dərs prosesi izlənilib.
Nurəddin Rzayev adına Əsparəsti kənd tam orta məktəbi 2016-cı ildə tikilib istifadəyə verilib. 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.
Sonra mediatur iştirakçıları bu il istifadəyə verilən Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə gəliblər. Bildirilib ki, yeni inşa edilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbinin binası bu tədris ilində istifadəyə verilib. 960 şagird yerlik məktəb rayon mərkəzindən 2 kilometr məsafədə yerləşir. Hazırda məktəbdə 955 şagird təhsil alır və 76 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.
Mediatur iştirakçıları 2019-2020-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq bu məktəbdə işə qəbul olunan biologiya müəllimi Günel Cəfərova və fransız dili müəllimi Şövkət Orucovanın dərs prosesini izləyiblər.
Daha sonra İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi ilə tanışlıq olub. Məktəbin binası 2006-cı ildə tikilib. 240 şagird yerlik məktəb rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir. Hazırda məktəbdə 405 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim çalışır.
Mediatur zamanı qonaqlar bu il işə yüksək balla qəbul olunan və məktəbdə pedaqoji fəaliyyətə başlayan ingilis dili müəllimi Fərəh Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Ələsgərova, təsviri incəsənət müəllimi Aynur Abasova ilə görüşüb, onların tədris prosesini izləmək imkanı əldə ediblər.