Azərbaycan Respublikası Atçılıq Federasiyası 2019-cu ildə mühüm uğurlar qazanıb VİDEO
Bakı, 24 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 24-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) cari ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 2019-cu ildə görülən işlər, qazanılan qələbələr, millimizin bu il Avropa çempionatındakı uğurlu çıxışı ilə bağlı film nümayiş olunub.
Daha sonra mərasimdə müxtəlif nominasiyalar üzrə ilin ən yaxşı idmançıları, məşqçiləri, hakimləri və jurnalistləri mükafatlandırılıblar. İl ərzində federasiyanın fəaliyyətini, idmançılarımızın uğurlarını yüksək səviyyədə işıqlandırdığına görə AZƏRTAC-ın beş əməkdaşı təltif olunub.
Mərasimdə çıxış edən ARAF-ın prezidenti Elçin Quliyev federasiyanın hesabat ilində qarşıya qoyulan məqsədlərə nail olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin ölkəmizdə atçılıq idmanının inkişafı ilə bağlı tapşırıqlarının uğurla icra edildiyini vurğulayan E.Quliyev idmanın bu növünün bütün istiqamətləri - konkur, cıdır yarışları, çövkən və polo üzrə yarışların yüksək səviyyədə təşkil olunduğunu bildirib. Federasiya prezidenti 2020-ci ildə daha yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Mərasim bədii hissə ilə başa çatıb.