Qubanın Qəcərzeyid kəndindən olan Qarabağ müharibəsi əlilləri yeni evlərinə köçüblər VİDEO
Quba, 17 mart, Elxan Yusifli, AZƏRTAC
Qubanın Qəcərzeyid kəndində yaşayan Qarabağ müharibəsi veteranı İdris Hüseynov və III qrup müharibə əlili Mais Mahmudov Novruz bayramı ərəfəsində yeni evlərinə köçüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına İ.Hüseynov üçün yeni ev tikilib, M.Mahmudovun evi isə əsaslı təmir olunub.
Hər iki müharibə iştirakçısı bu ilin əvvəlində kənddə keçirilən səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısına mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müraciət etmişdi.
Yanvar ayından başlayan tikinti və təmir işləri qısa müddətdə başa çatdırılaraq evlər sahiblərinə təhvil verilib.
III qrup əlilliyi olan İdris Hüseynov üçün tikilən birmərtəbəli evin sahəsi 90 kvadratmetrdir. Ev 3 otaq, eyvan, mətbəx və sanitar qovşaqdan ibarətdir.
Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev martın 17-də yeni evlərinə köçən Qarabağ müharibəsi əlillərinin qonağı olub, onları bayram münasibətilə təbrik edib.
Görüşdə bildirilib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Evlə təmin olunan Qarabağ müharibəsi əlilləri sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.