REGİONLAR
Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə erməni faşizminin izləri ilə tanış olub VİDEO
Gəncə, 13 noyabr, M.Əlioğlu, foto A.Məmmədov, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti noyabrın 13-də Gəncəyə gəlib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.
Fransa nümayəndə heyətini Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, Milli Məclisin digər üzvləri və rəsmi şəxslər müşayiət ediblər.
Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.
Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Mişel Viale və Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun katibi Jan-Lük Reitzer daxildir.