Salim bin Məhəmməd əl-Malik: ICESCO “ASAN xidmət” sahəsində fərqlənən ölkələri mükafatlandıracaq VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Mən “ASAN xidmət”i uzun bir səyahətə bənzədirəm. Elə bil səyahətə ki, o, bu yola çıxanları gələcəyə aparır. Bir çox ölkə bu səyahətə qədəm basmalıdır ki, yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra bir sıra məsələləri həll edə bilsin. Biz gördük ki, Azərbaycan bu sahədə böyük uğura imza atıb və gələcəklə bağlı çox planları həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda səfərdə olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik jurnalistlərə verdiyi müsahibədə deyib.
Qurumun Baş direktorunun sözlərinə görə, “ASAN xidmət” təcrübəsinin bir çox ICESCO ölkəsində tətbiq olunması həddən ziyadə zəruridir: “Həmin ölkələr Azərbaycanın təcrübəsindən bəhrələnə, Azərbaycan da bu sahədə onlara yardım göstərə bilər. ICESCO “ASAN xidmət” sahəsində fərqlənən ölkələri mükafatlandırmağı qərara alıb. Bu il fevralın axırınadək mükafatlandırma ilə əlaqədar meyar və qaydalar ictimaiyyətə açıqlanacaq. ICESCO-nun ASAN mükafatının ilin sonunda təqdim edilməsi nəzərdə tutulub”.
O, bildirib ki, üzv ölkələrdən bəzi müdavimləri “ASAN xidmət”in təlim mərkəzinə göndərərək onların 2-3 həftə ərzində təlimlərdən keçməsini təmin etmək olar.