Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına 2021-2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilən təhsilin müddəti dörd ildir. Tədris Azərbaycan dilində aparılır.
Akademiyada müasir avadanlıqla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir.
FHN Akademiyasına qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun bakalavr ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə, onlar Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.
Namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 2021-ci il sentyabrın 15-dək 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 2021-ci ilə sentyabrın 15-dək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Sənədlər martın 1-dən aprelin 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin olunmuş vaxtda dəvət edilməklə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.
Abituriyentlər aşağıda qeyd edilmiş telefon və ya “WhatsApp” nömrələrinin birinə ad, soyad, ata adı, təvəllüd və telefon nömrəsini bildirməklə dəvət olunacağı gün və saat barədə məlumat əldə edə bilərlər: Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20. WhatsApp: (055) 375-14-14.
Daha ətraflı məlumatı FHN-in (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.