REGİONLAR
Lerikin dağ kəndində yeni nəsil kombaynların iştirakı ilə biçin aparılıb VİDEO
Lerik, 6 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb. Bu işlərə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub.
AZƏRTAC xəbər verir ki, biçin prosesində iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb.
Bildirilib ki, əvvəllər yüksək dağlıq ərazilərdə biçin prosesi sovet istehsalı olan köhnə kombaynlarla aparılırdı. Həmin kombaynların maili ərazilərdə biçin aparmaq xüsusiyyətinin zəif olması biçində çoxsaylı çətinliklər yaradıb. Ötən il “Aqroservis” ASC-nin xətti ilə alınmış yeni nəsil dağ kombaynları biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələrdə biçin problemini aradan qaldırıb. Yeni nəsil dağ kombaynlarının ölkəmizə gətirilməsi nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərməyə imkan verir.
Nazir İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, respublikada taxıl biçini yekunlaşmaq üzrədir. Bu günə kimi taxıl sahələrinin 87 faizində biçin prosesi başa çatıb. Artıq yalnız dağlıq və dağətəyi rayonlarda biçin gedir. Əvvəlki illərdə olduğu kimi, bu il də taxıl biçini mütəşəkkil təşkil olunub. Bu səbəbdən ötən illə müqayisədə biçin prosesini ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindəyik. Orta məhsuldarlıq çox yüksəkdir. Respublikada taxılçılıq üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır. Ayrı-ayrı taxılçılıq rayonlarında buğda üzrə orta məhsuldarlıq göstəricisi 40 sentneri keçib. Düzgün toxum seçimi və aqrotexniki qulluq nəticəsində respublikanın ayrı-ayrı təsərrüfatlarında 60 sentnerdən çox məhsul götürən fermerlərimiz var.
Nazir qeyd edib ki, yüksək dağlıq ərazilərdə biçin apara biləcək xüsusi dağ kombaynlarının alınması sayəsində dağ kəndlərində, yüksək maili ərazilərdə biçin problemi köklü şəkildə həllini tapıb: “Artıq dağ kombaynları ilə Yardımlı, Lerik, Cəlilabad rayonlarının dağlıq ərazilərində biçin aparılıb. Şəmkir, Şamaxı və Qobustan rayonlarının yüksək dağlıq hissələrində yaxın günlərdə kütləvi biçinə start veriləcək. Biçin prosesinin mütəşəkkil təşkili üçün nazirlikdə xüsusi operativ qərargah yaradılıb, biçinin növbəli şəkildə həyata keçirilməsi təmin olunub. Əsas hədəfimizə - biçin prosesini məhsul itkisi olmadan, mütəşəkkil şəkildə həyata keçirmək hədəfimizə nail ola bilmişik”.
Yüksək dağ relyefinə malik kənddə hər il taxıl əkinində böyük çətinliklərlə üzləşdiklərini vurğulayan fermer Babək Hüseynov deyib: “Sovet istehsalı olan “Niva” markalı kombaynlarla məhsulumuzu yaxşı biçə bilmirdik. Məhsulun yarısını əllə biçirdik. Çox şükür, yeni kombaynlar kəndimizə göndərilib. Bir hektara yaxın sahədə taxıl əkmişəm. İnşallah, bol məhsul gözləyirik. Gələn il daha çox əkəcəyik ki, məhsuldarlığımız yüksək olsun”.
Xatırladaq ki, bu il Lerik rayonunda 3069 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin əksəriyyəti dəmyə ərazilərdə yerləşir. Artıq taxıl sahələrində biçin başa çatmaq üzrədir. Hazırda rayonda taxılçılıq üzrə orta məhsuldarlıq 22 sentnerə yaxındır. Bu da dəmyə əkini üçün normal göstərici hesab olunur.