“Vətən Müharibəsi Qəhrəmanı” ordeni Camal İsmayılovun doğum günündə ailəsinə təqdim olunub VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Camal İsmayılovun Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ərazi bütövlüyümüz uğrunda şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılar şəhidin həyat yolunu əks etdirən videoçarxı izləyiblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri diqqət və qayğı ilə əhatə olunub.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və başqaları çıxış edərək Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində iştirak edən şəhid Camal İsmayılovun şücaətindən, keçdiyi döyüş yolundan söhbət açıblar. Bildirilib ki, sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Camal İsmayılov Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif olunub.
Şəhidin atası Vidadi İsmayılov, anası Filarə İsmayılova oğullarının hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şəhidin “Vətən Müharibəsi Qəhrəmanı” ordeni oğluna təqdim olunub.