Sabirabadda şəhid mayor Şahlar Cəfərovun xatirəsi anılıb VİDEO
Sabirabad, 21 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadın Xəlfəli kəndində anadan olan şəhid mayor Şahlar Cəfərovun şəhadətə yüksəlməsinin ildönümündə məzarı doğmaları, həmkəndliləri, məktəblilər, döyüş yoldaşları, rayon ziyalıları tərəfindən ziyarət edilib.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi qəhrəmanlarından olan şəhidin anım mərasimində çıxış edənlər 44 günlük Zəfər yürüşündən söhbət açıblar. Bildirilib ki, torpaqlarımızın yağı düşməndən azad edilməsi şəhidlərimizin qanı bahasına gerçəkləşdi. Onlar gələcək nəsillərə örnək olmaqla yanaşı, torpaqlarımızı yağı düşməndən azad etdilər.
Şəhidin döyüşçü yoldaşları da Şahlar Cəfərovun ziyarətinə gələrək əziz xatirəsini anıb, ruhuna dualar oxuyublar. Vurğulanıb ki, Cəfərovlar ailəsindən Vətən müharibəsinə iki qardaş - Şahlar və Bahadur, eləcə də Şahların oğlu Seyfi də olmaqla üç nəfər yollanıb. Şahlar ehtiyatda olan zabit idi. Onlar fərqli cəbhələrdə düşmənə qarşı döyüşlərdə iştirak ediblər. Mayor Şahlar Cəfərov bu döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin həyat yoldaşı Dilbər Cəfərova deyir ki, Şahlar torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyirdi. Ordudan tərxis olunandan sonra da bir an belə inamını itirmədi. “Vətən müharibəsi başlayanda səfərbərlik zamanı əvvəlcə övladını yola saldı, sonra isə özü döyüşlərə yollandı. Onun döyüş yolu Füzuli istiqamətindən başladı. Hadrut istiqamətində öz taboru ilə birlikdə düşmənə ağır zərbələr vurdu. Hər zaman əlaqə saxladıqda, qələbə bizimlədir deyirdi. Oktyabrın 20-də isə gərgin döyüşlərin birində şəhadətə ucaldı”, - deyə Dilbər Cəfərova söyləyir.
Şahlar Cəfərovun övladı Fəzail də atası haqqında qürurla danışır: “Atam mənim üçün hər zaman qəhrəman olub. Biz onunla həmişə fəxr etmişik. O, özü necə vətənpərvər idisə, məni də, qardaşımı da Vətən sevgisi ilə böyüdüb. Mən bu gün tək atamla deyil, bütün şəhidlərimizlə fəxr edirəm”.
Şəhidin qardaşı Ceyhun Cəfərov bildirir ki, Şahlar evin böyük övladı idi. “Bizlərə hələ uşaq yaşlarından hərbidən danışar, vətənpərvər olmağı tövsiyə edərdi. Ən böyük arzusu hərbçi olmaq idi. Elə bu arzusunun arxasınca gedərək, ömrünü Vətənə həsr etdi. Tərxis olunmasına baxmayaraq, Vətən harayına tək özü yox, övladı və qardaşı ilə yollandı. Şəhidlik onun üçün ən ali məqam idi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək ən böyük arzusuna da çatdı”, - deyə Ceyhun əlavə edib.
Şahlar Cəfərov doğulub boya-başa çatdığı Sabirabad rayonunun Xəlfəli kəndində torpağa tapşırılıb. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.