CƏMİYYƏT


Polis əməkdaşları paytaxtda ictimai nəqliyyatda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri həyata keçirirlər VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı mülki geyimdə olan əməkdaşlar da xidmətə cəlb edilib.

Paytaxtın Binəqədi, Xətai və Pirallahı rayonlarında polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polis həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıb.

Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən tibbi maskadan istifadə etməyən sərnişinlər, peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər barədə də qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunur.

DİN vətəndaşlardan bir daha xahiş edir ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək üçün mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.