SİYASƏT
Belçikada Cənubi Qafqazda sülh yaratma perspektivlərinə dair forum keçirilib VİDEO
Brüssel, 15 noyabr, AZƏRTAC
“Xəzər-Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü" lobbi təşkilatı Azərbaycanın və Ermənistanın postkonflikt dövrdə münasibətləri fonunda Cənubi Qafqazda sülh quruculuğu perspektivlərinə dair onlayn müzakirə forumu keçirib.
AZƏRTAC xəbər verir ki, Avropa siyasi institutlarini təmsil edən siyasətçilər, tədqiqatçılar, jurnalistlər və Avropada təhsil alan xarici tələbələrdən ibarət 100-ə yaxın şəxs müzakirələrə cəlb edilib. Tədbir postkonflikt dövrdə sülh quruculuğunda olan cari çətinliklərə diqqət çəkmək və onların həlli yolunda fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.
Təşkilatın koordinatorları Orkhan Bəşirli, Cavidə Rəhimova, Hüseyn Əliyev, Parviz Yarmammad, Arif Əliyev, İngilab Babayev və Nərgiz Gambarova konfliktin geosiyasi tarixi, 44-günlük müharibə dövrü, müharibə sonrası bərpa işləri və sülh qurucluğu ilə bağlı videosujetlər və fotolarla təqdimatlar ediblər.
Müzakirələr zamanı Avropa institutlarına mənsub siyasətçilər, tədqiqatçılar və jurnalistlər qeyd olunan məsələrlə bağlı fikirlərini bildirib və Avropa institutlarının və ictimaiyyətinin bu məsələlərə daha həssas yanaşmasının vacibliyini qeyd ediblər.
Eyni zamanda, məcburi köçkün və qaçqınların öz diyarlarına qayıtmaları üçün ümumilikdə beynəlxalq ictimaiyyətin, xüsusilə Avropanın mina xəritələrinin verilməsində və dağıdılmış rayonların bərpasında daha səlis və praktiki vasitəçilik etməsinin vacibliyini bildiriblər.
Tədbir Avropa siyasi institutları və ictimaiyyəti ilə “Xəzər-Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü” təşkilatının Cənubi Qafqazda dayanıqlı sülhün inkişafında birgə əməkdaşlığın yeni mərhələlərinin yaradılmasına dair qarşılıqlı ismarıclarla yekunlaşıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel