1 aprel - Beynəlxalq Quşlar Günüdür
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-i dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. Bu ekoloji bayram UNESCO-nun “İnsan və biosfer” proqramı çərçivəsində hər il keçirilir. 1902-ci ildə Parisdə “Kənd təsərrüfatında faydalı quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya” hazırlanıb. Konvensiya 1905-ci il dekabrın 12-də qüvvəyə minib və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar sırasında birinci olub.
1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gündə məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, yuvaları yeniləməklə quşların köçüb gəlməsinə hazırlaşırlar. Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var.
Azərbaycanda isə 363-dən çox quş növü qeydə alınıb. Həmin növlər 17 dəstə və 60 fəsiləyə mənsubdur. Bunların 40 faizi ilboyu müşahidə edilən, 27 faizi qışlayan, 10 faizdən çoxu köç vaxtı qeydə alınan növlərdir.
Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi bu ərazidən istifadə edir.
Azərbaycanın “Qırmızı Kitabı”na respublikamızda yaşayan 36 növ quş, onlardan 23 növ isə “Dünya Qırmızı Kitabı”na daxil edilib.