“20 Yanvar – milli birlik və mübarizlik günüdür” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 14 yanvar (AZƏRTAC). Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) “20 Yanvar - milli birlik və mübarizlik günüdür” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, konfransda BPKİYİ-nin rektoru, professor Asəf Zamanov 20 Yanvar faciəsinin xalqımıza qarşı məkrli siyasətin nəticəsi olduğunu söyləmişdir. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda qanlı hadisələr törədərək, günahsız insanları - qocaları, qadınları, gəncləri, uşaqları qəddarcasına qətlə yetirmişdir.
Vurğulanmışdır ki, 20 Yanvar Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Bu dəhşətli faciə xalqımızı milli azadlıq uğrunda mübarizə əzmindən döndərə bilməmişdir.
Ümummilli lider Heydər Əliyev Bakıda törədilmiş müdhiş faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada mətbuat konfransı keçirmiş, qanlı cinayətə qarşı kəskin etirazını bildirmişdir.
Professor A.Zamanov ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyini xatırlatmışdır.
İnstitutun elmi işlər üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Mönsüm Alışov, tədris işləri üzrə prorektor Məhəmməd Bayramov, kafedra müdiri Fikrət Əliyev və digər çıxış edənlər də ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının fədakarlıqlarından danışmış, şəhidlərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulamışlar.
Sonra tarixi faciələrimizin xronikası əsasında videoçarx göstərilmişdir.