20 Yanvar faciəsi heç vaxt xatirələrdən silinməyəcəkdir
Bakı, 13 yanvar (AZƏRTAC). Yanvarın 13-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
DBX-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Xidmətin rəisi Sialə Rüstəmova çıxış edərək faciəni doğuran səbəblər və onun acı nəticələri barədə danışmış, bu tarixi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, 20 Yanvar hadisələri hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi.
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmışdır.
S.Rüstəmova şəhid ailələrinə göstərilən dövlət qayğısından da danışmışdır.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmışlar.