20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr edilmiş anım mərasimi
Bakı, 19 yanvar, AZƏRTAC
Nizami Kino Mərkəzində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjasının (BFB) əməkdaşlarının iştirakı ilə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.
QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, tədbiri komitənin sədr müavini İlqar Muradov açaraq 1990-cı il 20 Yanvar faciəsinin Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq məqsədilə həyata keçirildiyini bildirib. İ.Muradov Sovet Ordusunun xüsusi təyinatlı bölmələrinin Bakıda görünməmiş qəddarlıqla insanlıq əleyhinə dəhşətli cinayət törətdiyini, günahsız insanların qanını axıtdığını, lakin xalqımızın milli qürurunu qıra bilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən "Qanlı Yanvar" bədii filmi nümayiş olunub.