20 YANVAR FACİƏSİNİN İYİRMİNCİ İLDÖNÜMÜ NƏRİMANOV RAYONUNDA DA QEYD EDİLMİŞDİR
Bakı, 21 yanvar (AZƏRTAC). Nərimanov rayonunda 20 Yanvar şəhidlərinin ailələri və əlillərin iştirakı ilə 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Rayondakı 200 saylı orta məktəbində təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş cinayət kimi xarakterizə etmiş, o hüznlü günlərdə ümummilli liderimiz Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyimizə getməsi və əliyalın xalqa qarşı törədilmiş vəhşiliklərdə Mixail Qorbaçov başda olmaqla sovet imperiyasını ittiham etməsini vurğulamışdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ulu öndərimizin təşəbbüsü ilə yaradılmış komissiya müvafiq təhqiqat işləri aparmış və 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilmişdir.
Digər natiqlər də qanlı faciənin yaranma səbəblərindən, həmin dəhşətli hadisəni törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışmış, bu dəhşətli qırğına ilk dəfə siyasi-hüquqi qiyməti ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən verilməsini qeyd etmiş, əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Məktəbin şagirdləri tərəfindən Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.
Tədbir iştirakçıları gənc rəssamların 20 Yanvar faciəsinə həsr olunmuş əsərlərindən ibarət sərgi ilə tanış olmuş, 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxmışlar.
Tədbirin sonunda Nərimanov Rayon İcra Hakimiyyətinin 20 Yanvar şəhidlərinin ailələri və əlillərinə ilin sonunadək hər ay maliyyə yardımı göstərilməsi və rayon ərazisindəki Ü.Bünyadzadə küçəsində yenidənqurma işlərin aparılması haqqında qərarı səsləndirilmişdir.