20 YANVAR ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİ HEÇ ZAMAN UNUDULMAYACAQDIR!
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 20-də baş konsulluq şəhərdəki ən böyük məsciddə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçirmişdir.
Əvvəlcə tədbir iştirakçıları faciə zamanı şəhid olmuş Vətən övladlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə baş konsul Qüdsi Osmanov bildirmişdir ki, 20 Yanvar hadisəsi Azərbaycanın tarixində və bütövlükdə XX əsrdə baş vermiş faciələr arasında xüsusi amansızlığı ilə seçilənlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi yadda qalmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq, odlu silah və zirehli texnikadan istifadə etmiş, 137 dinc sakini qəddarcasına qətlə yetirmiş, 700 nəfərdən artıq insanı yaralamış və digər vəhşiliklər törətmişlər.
20 Yanvar qırğınını törətməklə SSRİ rəhbərliyi ötən əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuna ərazi iddialarını, bu qəsbkar ölkədə yaşayan azərbaycanlıların öz daimi yaşayış yerlərindən qovulmasını dəstəklədiyini göstərmişdir. Sovet qoşunlarının Azərbaycanda törətdikləri vəhşiliklər xalqımızın milli azadlıq mübarizəsini boğmaq məqsədi güdmüşdür. Lakin əksinə olaraq, 20 Yanvar faciəsindən sonra bu mübarizə daha geniş vüsət almış və Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etmişdir.
Baş konsul faciə zamanı Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyevin özünün və yaxınlarının həyatını təhlükə altında qoyaraq, yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gəldiyini, Qanlı Yanvarı törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini, xaqlımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını vurğulamışdır. Bununla da ulu öndərimiz cəsarətini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdir. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdır. Bu qanlı faciədən 20 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, onun ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
Sonda baş konsul hər il yanvarın 20-də Qanlı Yanvar hadisələrinin ildönümünün qeyd olunduğunu, Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi naminə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırmışdır.
Baş konsulluq tərəfindən milli mətbəx mərkəzi olan “Bakı” restoranında ehsan süfrəsi də açılmışdır.