20 Yanvar xalqımızın birlik və bərabərliyinin təcəssümüdür
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (DQMK) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
DQMK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komissiyanın sədr müavini Vəfadar Misirov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. O, həmçinin həmin hadisənin xalqımızın birlik və bərabərlik təcəssümü olduğunu qeyd edib.
V.Misirov 20 Yanvarın tariximizə həm faciə, həm də qəhrəmanlıq günü kimi daxil olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daim yaşayacaq.
Komissiyanın baş məsləhətçisi-mətbuat katibi Asəf Əliyev 20 Yanvar və ona aparan yol barədə məlumat verib. O, qan yaddaşımıza əbədi həkk olmuş həmin gündə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini vurğulayıb.