20 Yanvar xalqımızın müstəqillik uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzidir
Ağdam, 19 yanvar, AZƏRTAC
Azərbaycanın müasir tarixinə hüzn və qürur günü kimi daxil olan 1990-cı il yanvarın 20-si xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi Regional Mədəniyyət İdarəsi Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin, Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Mahrızlı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “20 Yanvar hüzn və qürur günümüz” adlı tədbirdə vurğulanıb.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Mahrızlı kənd tam orta məktəbinin müəllimi Gulnurə Əliyeva çıxış edərək, xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində törətdikləri faciədən danışıblar.
Tədbirdə məktəblilər 20 Yanvar faciəsi haqqında kompozisiya göstərib, şeirlər söyləyiblər.
Sonda muzey əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.