REGİONLAR
Tütün şitilləri açıq sahələrə köçürülür
İsmayıllı, 14 may, AZƏRTAC
İsmayıllı rayonunun istixana təsərrüfatlarında yetişdirilən tütün şitillərinin açıq sahələrə köçürülməsinə başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə İsmayıllıda 15 hektar sahədə tütün əkini nəzərdə tutulub. Əkin Qalınçaq, Diyallı, Qurbanəfəndi, Sumağallı, Topçu, Təzəkənd və İvanovka yaşayış məntəqələrində aparılacaq. Hər yerdə sahələr şitillərin köçürülməsi üçün aqrotexniki qaydalara uyğun hazırlanıb. Hər hektar sahəyə 50 minə yaxın şitil əkiləcək.
Artıq Topçu və Qurbanəfəndi kəndlərində bir hektar sahəyə tütün şitilləri köçürülüb. Bu işə digər yaşayış məntəqələrində də başlanılıb. Torpaq mülkiyyətçiləri əkinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılması, keyfiyyətli məhsulun yetişdirilməsi üçün ciddi səy göstərirlər.
Qeyd edək ki, cari mövsümdə rayonda 40 tona yaxın quru tütün tədarükü proqnozlaşdırılır.