Daxili İşlər Nazirliyi Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar sürücülərə müraciət edib VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar sürücülərə müraciət edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir: “Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə əlaqədar “Bakı Şəhər Halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti iyunun 6-da gecə saat 01:00-dan etibarən iyunun 14-də səhər saat 06:00-dək məhdudlaşdırılıb.
Məhdudiyyətin tətbiq olunduğu müddətdə paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Bir daha sürücülərdən qeyd edilən müddətdə ictimai nəqliyyata üstünlük vermələrini, Dövlət Yol Polisi əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik”.