Son üç ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin olunub VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Vətən müharibəsindən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib. Yekun mərhələ kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
Agentliyin sədri bildirib ki, son üç ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və bu ilin ötən dövrü ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin beş ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 mindən çox şəxsə əlillik təyinatı aparılıb. Onların 9 min 209 nəfəri ilkin, 21 min 516 nəfəri təkrar əlillik təyinatıdır. 1984 nəfərə birinci, 14 min 973 nəfərə ikinci, 9 min 472 nəfərə üçüncü əlillik qrupu təyin olunub. Bununla yanaşı, 4 min 737 sağlamlıq imkanı məhdud uşağın əlillik təyinatı qiymətləndirilib.
Ötən il 61 min nəfərə əllilik təyinatı aparılıb ki, bu da bayram və istirahət günləri də nəzərə alınmaqla gün ərzində 170 nəfər deməkdir. Bu il isə həmin rəqəm 20 faiz artırılaraq gün ərzində 204 nəfərin əlillik təyinatı aparılıb.