Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edib YENİLƏNİB-3 VİDEO

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlətimizin başçısı konfransda çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyə çox şadam. Ümidvaram ki, şəhərimizdə yaxşı vaxt keçirəcəksiniz.

Bu gün zənnimcə Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada - Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.

Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz buna görə sizə çox minnətdarıq, sizin dəstəyinizi doğrultmaq və bunun düzgün seçim olduğunu nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik.

Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.

Beləliklə, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir.

Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.

Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.

Bir daha qeyd etmək istəyirəm ki, biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması - bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.

Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışımda qeyd etmişdim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.

Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə, sadəcə, 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

Gördüyümüz kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik.

Deyə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.

Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.

Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq.

Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəyəm.

Əziz dostlar bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Ənənəvi Azərbaycan qonaqpərvərliyini göstərmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu konfrans təkcə çox məhsuldar deyil, həm də ünsiyyət və sıx təmasların qurulması baxımından da yaxşı fürsət olacaqdır. Nəticədə isə biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.

Sağ olun.

x x x

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək dedi:

- Zati-aliləri, cənab Prezident, icazənizlə sessiyanı açıram.

Zati-aliləri, cənab Prezident.

Möhtərəm parlamentarilər.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün sizin hamınızı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında salamlamaqdan məmnunluq və şərəf duyuram.

Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün bizimlə birlikdə olması bizim üçün şərəfdir. Bütün iştirakçılar adından Zati-aliləri, cənab Prezidentə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması üçün nəcib təşəbbüsünə görə dərin minnətdarlığımızı bildirmək istərdim.

Cənab Prezidentin bu gün Bakı konfransına ünvanladığı ilhamverici müraciət onun Qoşulmama Hərəkatının sədri qismində üzvlər arasında çoxşaxəli əməkdaşlıq vasitəsilə Hərəkat daxilində birliyin gücləndirilməsinə möhkəm sadiqliyinin sübutudur.

Hörmətli iştirakçılar, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci sammitində dövlət və hökumət başçıları Qoşulmama Hərəkatının parlamentariləri arasında qarşılıqlı fəaliyyəti, əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi qərara aldılar. Ötən ilin noyabrında Madriddə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə uyğun olaraq biz Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini təsis etdik. Bu gün Bakı konfransında Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 8 beynəlxalq parlament təşkilatı təmsil olunur. Biz bunu üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisi hesab edirik. Konfrans, həmçinin Şəbəkənin qlobal parlament diplomatiyasında gələcək fəal iştirakına dair ümidlərimizi və inamımızı artırır.

Hörmətli iştirakçılar, Bakı konfransı həqiqətən də əlamətdar hadisə olacaq. Biz tədbirin gedişatında Qoşulmama Hərəkatının parlament şəbəkəsinin fəaliyyət metodlarına dair nizamnamə, eləcə də, şəbəkənin rəsmi loqosu və bayrağını qəbul etməyə hazırlaşırıq. Biz, həmçinin qarşıdakı 3 il müddətinə şəbəkənin sədrini və sədr müavinlərini seçməyə hazırlaşırıq. Bakı konfransının daha bir əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, o, Azərbaycan tərəfinin təşəbbüsü ilə iyunun 30-na - Beynəlxalq Parlamentarizm Gününə təsadüf edir.

Əziz dostlar, fürsətdən istifadə edərək, mən bu əlamətdar hadisə münasibətilə sizin hər birinizi təbrik edirəm. Mən, həmçinin ümidvar olduğumu bildirirəm ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı öz fəaliyyəti vasitəsilə qlobal miqyasda parlamentlərarası əməkdaşlığa töhfəsini verəcək.

Xanımlar və cənablar, biz pandemiyanın mənfi təsirləri, eləcə də, postpandemiya dövründə qlobal miqyasda dirçəliş istiqamətində Qoşulmama Hərəkatının və Azərbaycanın sədrliyinin təşəbbüslərindən xəbərdarıq. Qoşulmama Hərəkatı parlamentlərinin bu təşəbbüslərə kollektiv dəstəyi Madrid Bəyannaməsində öz əksini tapıb və bizim bu gün qəbul etməyə razılaşdığımız Bakı Bəyannaməsində bir daha təkrarlanacaq.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, davam edən pandemiya, silahlı münaqişələr, iqlim dəyişikliyi və bir çox başqa çağırışları nəzərə alaraq, bu gün dünyamız elə bir nəhəng transformasiya dövrünü yaşayır ki, qlobal təhlükəsizlik və inkişaf strukturu çox güclü və çox ciddi dəyişikliklərə məruz qalır. Sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılmasında Qoşulmama Hərəkatının təməl ideallarının və rolunun davamlı əhəmiyyəti bir daha vurğulandı.

Parlament diplomatiyasından danışan Sahibə Qafarova hazırkı beynəlxalq mürəkkəbliklər kontekstində, çoxtərəflilik və beynəlxalq əməkdaşlığın indi hər zamankından daha vacib olduğu bir vaxtda bu diplomatiyanın böyük əhəmiyyət kəsb etdiyini dedi. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin üzv ölkələrin əhalisi arasında Hərəkatın dəyərlərinin inkişafı ilə bağlı məlumatlılığın artırılmasına kömək edəcəyinə, həmçinin üzv ölkələri narahat edən məsələlərlə məşğul olmağa parlamentarilərə kömək göstərəcəyinə əminlik ifadə olundu. Vurğulandı ki, Azərbaycan tərəfi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bütün üzv dövlətlərin maraqlarına uyğun qurulmasını təmin etmək üçün mövcud mexanizm və resurslardan istifadə edib.

Sonda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edildi, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olundu, qurumun sədri və sədr müavinləri seçildi.

Konfrans 3 gün davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb  Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edib YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub