Türkiyə Səyyahlar Klubunun üzvləri Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar VİDEO
Ağdam, 29 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, türkiyəli səyahətçilər Şuşa şəhərindən sonra Ağdama gəliblər. Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə və Ağdam Cümə məscidinə baxış keçirilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra şəhərdə və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Qonaqlar, həmçinin Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə də məlumatlandırılıblar.
Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin)-Bakı marşrutu üzrə hərəkət edəcək. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.
Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.