REGİONLAR
Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı olub VİDEO
Kürdəmir, 8 noyabr, AZƏRTAC
Kürdəmirdə Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin giziri Nəzər Ağacəlil oğlu Əzizovun adını daşıyan xatirə bulağının açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin, ictimaiyyətin, eləcə də idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, kənd sakinləri, məktəblilər, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ata yurdu olan Dəyirmanlı kəndində inşa olunan bulağın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Xüsusi Təyinatlı Qüvvələrin giziri Nəzər Əzizovun cəsurluğu, vətənpərvərliyi ilə bağlı xatirələr söylənilib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb. Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar ifa olunub.
Şəhidin anası Cəmafət Əzizova dövlətin onların ailəsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Nəzər Ağacəli oğlu Əzizov 1991-ci ildə Bakı şəhərində anadan olub. Nəzər orta məktəbi bitirdikdən sonra 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra gizirlik kursuna yazılır, 2012-ci ildə kursu bitirdikdən sonra Ağdam rayonunda iki ay xidmət edir. Sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayır.
Nəzər Əzizov Aprel döyüşlərində də igidliklə vuruşub. Xidməti dövründə fəxri fərman və medallarla təltif olunub. Vətən müharibəsi başlayanda bütün igid, cəsur oğullar kimi o da cəbhəyə yollanır və düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında əvəzsiz xidmətlər göstərib. Təəssüf ki, XTQ-nin giziri Nəzər Əzizov bu ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmən təxribatına qarşı döyüşdə qəhrəmancasına həlak olub. Onun nəşi rayona gətirilib, Kürdəmirin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hazırda Nəzərin iki övladı - bir qızı və bir oğlu vətənə əmanət qalıb. Şəhid Nəzər Əzizov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “ Suqovuşanın azad olunmasına görə”, “Şücaətə görə” medalları və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif olunub.