REGİONLAR
Gəncə Ekoloji Park Kompleksi gələn il istifadəyə veriləcək VİDEO






Gəncə, 8 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə yaradılan Ekoloji Park Kompleksində tikinti işləri uğurla davam etdirilir. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsinə baxış keçirib, orada aparılan tikinti işləri ilə yerində tanış olub.
Şəhər MKTİB-nin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 11 hektarlıq ərazidə yaradılan Ekoloji Park Kompleksinin nəzərdə tutulan vaxtda istismara təhvil verilməsini təmin etmək üçün layihə üzrə tikinti-quraşdırma işləri sürətlə aparılır. Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılacaq. Burada xüsusi yaşıllıq zolaqlarının salınması ilə yanaşı, müxtəlif növ gül-çiçək, dekorativ bitkilər, eləcə də ağac tingləri yetişdiriləcək. Gəncəçayın sağ sahilində salınan Ekoloji Park Kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Niyazi Bayramov Ekoloji Park Kompleksində aparılan işlərlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Ekoloji Park Kompleksini ziyarət edənlər, həmçinin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.