REGİONLAR
“Gələcəyə nəfəs!” ağacəkmə aksiyası çərçivəsində Cəbrayıl və Zəngilan rayonlarında ağacəkmə aksiyaları keçirilib VİDEO
Cəbrayıl, 11 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarında "Gələcəyə nəfəs!" şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə ağacəkmə aksiyaları təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Cəbrayıl rayonunda “Dostluq Meşəsi” Kompleksinin layihə ərazisində 1111, eləcə də Zəngilan rayonunda 1111 Eldar şamı, Xan çinarı, həmişəyaşıl sərv tingləri əkilib. Əkilən tinglər Meşə Təsərrüfatı mərkəzlərinin və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində yetişdirilib.
Zəngilan rayonunda keçirilən ağacəkmə aksiyasında Ağalı kəndinin sakinləri də iştirak ediblər. Ağalı sakini Mübariz Fərhadov işğaldan azad edilmiş ərazilərin yaşıllaşdırılmasında iştirak etdiyi üçün sevinc hissi keçirdiyini bildirib: “Ağalı kənd sakini olaraq, burada ağacəkmə aksiyasında iştirak etməkdən qürur duyuruq. Bu torpaqların yaşıllaşdırılmasına biz də öz töhfəmizi veririk, buna görə çox sevinirik. Bu günü bizə yaşatdığına görə Prezidentimizə minnətdarlığımızı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirik”.
Digər sakin Fərmayıl İsmayılov isə deyib: “Türkiyədə "Gələcəyə nəfəs!" şüarı altında keçirilən kampaniyaya bu gün biz də qoşulmuşuq. Ağacəkmə aksiyasında qürur hissi ilə iştirak edirəm. Biz şəhidlərimizin qanı, canı bahasına azad edilmiş bu torpaqları qorumalıyıq, sevməliyik və əkib becərməliyik”.
Qeyd edək ki, "Gələcəyə nəfəs!" şüarı altında keçirilən aksiyaya 2019-cu ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən noyabrın 11-nin Milli Ağaclandırma Günü elan edilməsindən sonra start verilib.