23 nömrəli orta məktəbdə “Kiçik Akademiya”nın açılışı olmuşdur
Bakı, 18 may (AZƏRTAC). Bakıdakı T.Həsənov adına 23 nömrəli orta məktəbdə “Kiçik Akademiya”nın açılışı olmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanovun, müəllimlərin, məktəblilərin iştirak etdikləri açılış mərasimində çıxış edənlər təhsil müəssisəsində fəaliyyət göstərən “Məktəb Parlamenti” barədə məlumat vermiş, bu qurumun şagirdlərə idarəetmə sahəsində bir sıra zəruri bacarıq və vərdişlərin aşılanmasında mühüm rol oynadığını vurğulamışlar.
Məktəbdə yeni yaradılmış “Kiçik Akademiya”nın prezidenti, 9 “b” sinif şagirdi İ.Rəsulzadə qurumun qarşısında duran məqsəd və vəzifələrdən danışmışdır. Bildirmişdir ki, “Kiçik Akademiya” məktəblilərin təhsilə və elmə daha yaxından cəlb olunması, istedadlı şagirdlərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin və vərdişlərinin inkişaf etdirilməsinə xidmət göstərəcəkdir.
M.Mərdanov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təxminən 10 il əvvəl bu təhsil ocağında yüksək səviyyədə əsaslı təmir aparıldığını xatırlatmışdır.
Nazir “Kiçik Akademiya”nın açılışı münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara təhsildə yeni nailiyyətlər arzulamışdır.
Sonra “Kiçik Akademiya”nın təşəbbüsü ilə məktəblilərin təqdimatları olmuş, fərqlənənlərə sertifikatlar və diplomlar verilmişdir.