İQTİSADİYYAT
240 meqavatlıq külək elektrik stansiyası layihəsinə dair müzakirələr aparılıb
Bakı, 8 fevral, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan ilə videokonfrans formatında görüş keçirib.
AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, görüşdə qoyuluş gücü 240 meqavat (MVt) olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonrakı müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilib.
Nazir Azərbaycan Respublikası Prezidentinin “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli Sərəncamı ilə yaradılmış komissiyanın beşinci iclasının keçirildiyini qeyd edib və iclasda külək elektrik stansiyası layihəsi ilə bağlı aparılmış müzakirələr haqqında məlumat verib.
Şirkət rəhbəri layihə üzrə Energetika Nazirliyi və “Azərenerji” ASC ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışıb. Hər iki tərəfdən layihənin icrasına cəlb olunan ekspertlərin peşəkarlığı yüksək qiymətləndirilib, səmərəli əməkdaşlığa görə təşəkkür edilib. Bildirilib ki, müqavilə tərəfləri arasında yüksək inam və etibarın olması layihənin vaxtında və uğurla tamamlanacağına əminlik yaradır.
Görüş zamanı sahə üzrə təlim, seminar, məlumat mübadiləsi tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb, layihənin yalnız biznes layihəsi deyil, o cümlədən bilik və təcrübə transferi layihəsi olduğu qeyd edilib.
Xatırladaq ki, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi ilə bağlı müvafiq müqavilələr Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında ötən il dekabrın 29-da imzalanıb.