MƏDƏNİYYƏT
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirilir - VİDEO




Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışıb, Azərbaycanda teatr sənətinin keçdiyi inkişaf yolu haqqında məlumat verib.
Vurğulayıb ki, Birinci Teatr Forumunun Heydər Əliyev Mərkəzində keçirilməsi təsadüfi deyil, mühüm rəmzi məna daşıyır.
Forumun “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi ərəfəsində keçirildiyinə diqqət çəkən Adil Kərimli Ulu Öndərin mədəniyyətin inkişafına göstərdiyi dəstəkdən danışıb.
“Heydər Əliyev mədəniyyətin inkişafında böyük xidmətləri olmuş dahi şəxsiyyət idi. Onun teatr və sənət haqqında ölməz fikirləri var. Ulu Öndər mədəniyyətin və sənətin estetikasını bilən adam idi. Bu gün də o ənənə yaşayır. Mədəniyyətin davamlı və dayanıqlı inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir və onun qayğısı ilə tam əhatə olunub. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında, uğurlu inkişaf yolu keçməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bu istiqamətdə Heydər Əliyev Fondu böyük işlər görür. Forumun əsas məqsədi teatr adamlarını bir araya gətirmək, bu sahənin daha da inkişafı üçün bu platformadan istifadə etməkdir. Uzun zaman idi peşəkarların bir araya gəlib problemləri sistemli və doğru-düzgün müzakirə etməsi üçün belə şərait yaranmamışdı. Biz bu fürsəti layiqli dəyərləndirməliyik. Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm”.
Bu gün Mədəniyyət Nazirliyində “Mədəniyyət könüllüləri”nin fəaliyyətə başlamasını deyən Adil Kərimli söyləyib ki, bundan sonra könüllülər mədəniyyətin müxtəlif sahələrinə töhfələrini verə biləcəklər.
O, diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir: “Teatr sənəti daim təkmilləşməlidir. Teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq. Ümid edirəm ki, Azərbaycan Teatr Forumu yaddaqalan mədəniyyət hadisəsinə çevriləcək”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə ilk dəfə teatrla bağlı Forumun keçirilməsini əlamətdar hadisə adlandırıb. Teatr sənətinin inkişaf naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışan M.Əlizadə bu günədək teatrın keçdiyi inkişaf yoluna nəzər salıb. O, Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğı haqqında fikirlər səsləndirib.
Sonra Məryəm Əlizadə “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda məruzə ilə çıxış edib.
Forum panel müzakirələrlə davam edib.
Panel müzakirələri “Azərbaycan teatrında ənənələr və trendlər”, “Milli teatrda müasir aktyor məktəbi: yenilənmə prosesində sistemli yanaşma”, “Konsepsiya və strateji hədəflər”, “Teatr sahəsində insan kapitalının inkişafı” mövzularına həsr olunub.
Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.