İQTİSADİYYAT
Xalid Əhədov: Sahibkarlığın inkişafı prioritet istiqamətdir VİDEO

Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan ötən əsrin 60-cı illərində keçmiş Sovet İttifaqı ölkələri arasında geridə qalsa da, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qısa zamanda inkişaf etmiş sənaye respublikasına çevrildi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də ölkəmizdə ağır iqtisadi vəziyyət hökm sürürdü. Həmin dövrdə Ümummilli Lider siyasət gündəliyinə sahibkarlığın inkişafını ön plana saldı. Sahibkarlığın inkişafını təmin edən hüquqi baza formalaşdırıldı, sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması üçün bank-maliyyə sektorunda islahatlar həyata keçirildi. Ulu Öndər sahibkarlığa dövlət dəstəyinin müxtəlif formalarını əks etdirən mühüm addımlar atdı, sahibkarların fəaliyyətinə yaradılan süni əngəllərə qarşı mübarizə apardı. Bu məqsədlə 1999-2000-ci illərdə imzalanmış müxtəlif fərmanlarda dövlət nəzarətinin təkmilləşdirilməsi və süni əngəllərin aradan qaldırılması üçün kompleks tədbirlər nəzərdə tutuldu.
“Sahibkarlığın inkişafı müasir dövrdə də dövlətin prioritet istiqamətidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın inkişafının əsasını təşkil edir.
Bu sahənin inkişafı üçün 2017-ci ildə KOBİA təsis olunub. Prezidentin Sərəncamına əsasən, kiçik və orta biznesin inkişafı ilə bağlı mühüm tədbir həyata keçirilir”, - deyə o əlavə edib.