İQTİSADİYYAT
Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb VİDEO






Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də 74-cü Beynəlxalq Astronavtika Konqresində "Çin Kosmik Stansiyası qlobal kosmosun kəşfiyyatından faydalanır" adlı plenar iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Kosmik Agentliyin Asiya üzrə ofisinin direktoru Linqi Zu moderatorluğu ilə keçirilib.
Plenar iclasda Çin Kosmik Stansiyasının aparıcı dizayneri Honq Yanq, Çin Elmlər Akademiyasının kosmik proqramlar üzrə nümayəndəsi Conqmin Lyu, Cenevrə Universitetinin astronomiya departamentinin araşdırmaçı alimi Nikolas Produit və Çin Kosmik Texnologiya Akademiyasının araşdırmaçısı Qiao Zanq iştirak ediblər.
İclasda Çinin Tiangong Kosmik Stansiyasının uğurlarından danışılıb. Bunun insanların kosmos haqqında düşüncələrində yeni bir mərhələ açacağı qeyd edilib.
Paneldə Çin Kosmik Stansiyasının müxtəlif aspektləri, o cümlədən ümumi sxemi, tikinti prosesi, texniki göstəriciləri, kosmik elm və tədqiqat obyektlərinə baxışı müzakirə edilib. Çinin açıqlıq və paylaşma inkişaf konsepsiyasına sadiq qalmağa davam edəcəyi və kosmosdan dinc istifadəyə sadiq olan ölkələr və regionlarla daha çox və daha dərin praqmatik əməkdaşlıq edəcəyi vurğulanıb.