Azərbaycan icması Beynəlxalq Ədalət Məhkəməsinin önündə etiraz aksiyası təşkil edib VİDEO
Haaqa, 12 oktyabr, AZƏRTAC
Azərbaycan icması Niderlandın Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsinin önündə “Biz sülh istəyirik!” adlı dinc etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan aksiya Ermənistanın cəfəng iddialarına və anti-Azərbaycan kampaniyasına etiraz məqsədilə təşkil edilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada çıxış edənlər Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımları siyasətini, vandallıq aktlarını, mina terrorunu xatırladıblar.
Etirazçlar Beynəlxalq Ədalət Məhkəməsindən Ermənistanın saxta iddialarını rədd etməyi, multikultural və sülhsevər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.

Aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycanın ərazi bütövlüyünə hörmət edin!”, “Erməni separatçılığına son qoyulsun!”, “Anti-Azərbaycan kampaniyasına son verin!”, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Xocalını unutma!”, “Cəncə terroru Ermənistan terrorunun nümayişidir!”, “Ruben Vardanyan terrorizmin maliyyəçisidir!”, “Dünya Gəncə terroruna susur!” və sair şüarlar səsləndirilib.
Qeyd edək ki, aksiya Ermənistanın müraciəti əsasında Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələrin keçirildiyi saatlarda təşkil olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa