CƏMİYYƏT
Sabunçu rayonunda 3 “Kalaşnikov” və 175 patron aşkar olunub VİDEO
Bakı, 13 mart, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi və 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Kürdəxanı və Maştağa qəsəbələri ərazilərindən 2 “Kalaşnikov” markalı avtomat, 40 patron və 2 patron darağı aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Əşrəf Məmmədov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, 5 patron darağı və 135 patron aşkar olunaraq götürülüb.
Ə.Məmmədov silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.