2 FEVRAL - GƏNCLƏR GÜNÜ TƏNƏTƏNƏLİ QEYD OLUNACAQDIR
Bakı, 27 yanvar (AZƏRTAC). 2 fevral - Gənclər Günü ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) gənclərlə iş sektorunun müdiri Fərhad Hacıyev keçirdiyi brifinqdə demişdir ki, fevralın 2-i səhər AGİN ilə birgə fəaliyyət göstərən və müxtəlif gənclər təşkilatlarını birləşdirən İctimai Şuranın iclası olacaqdır. Həmin gün axşam isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında il ərzində fəal olmuş gənclərin mükafatlandırılma mərasimi və konsert keçiriləcəkdir.
Ümumiyyətlə, 2009-cu il gənclər siyasəti sahəsində müxtəlif tədbirlərlə zəngin olacaqdır. Bu il “Uşaq ili” elan olunduğunu xatırladan F.Hacıyev bu sahədə qarşıda duran problemlərin həllinin diqqət mərkəzində olacağını söyləmişdir.
Həmcinin, gənclərin sosial problemlərinin həlli, işsizliyin aradan qaldırılması nazirliyin qarşısında duran prioritet məsələlərdəndir.
Azərbaycanın əhalisinin 60 faizini gənclərin təşkil etdiyini söyləyən nazirliyin rəsmisi bu mənada ölkəmizin Avropada ən gənc ölkə olduğunu bildirmişdir. Bu il təşkil olunacaq ən mühüm tədbir ilin sonunda keciriləcək Elm olimpiadası olacaqdır.
F.Hacıyev respublikamızın müxtəlif regionlarında ilin sonuna kimi 10 “Gənclər evi”nin istifadəyə veriləcəyini, Gəncədə Karyera mərkəzinin fəaliyyətə başlayacağını söyləmişdir.
Gənclər və İdman Nazirliyi xaricdə təhsil almaq istəyənlərə də yardımçı olacaqdır. AGİN-ə müraciət ünvanlanacağı təqdirdə xaricdə təhsil almaq istəyən tələbələrin işinə kömək göstəriləcəkdir.