Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Bakı, 3 iyul, AZƏRTAC
Bəbirin respublikamızda mühafizəsi üçün geniş Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi (XMOTƏ) şəbəkəsi var. Son illərdə bəbirlər yaşayan XMOTƏ-lərin sahəsi xeyli genişləndirilib.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda keçirilən mətbuat konfransında deyib.
F.Əliyev qeyd edib ki, Naxçıvanda ötən əsrdə yalnız Ordubad yasaqlığı (40 000 ha) var idisə, hazırda orada ümumi sahəsi 148 min 645 hektar olan 4 XMOTƏ fəaliyyət göstərir. “Əvvəllər mövcud olan 2906 hektarlıq Hirkan qoruğunun bazasında yaradılan Hirkan Milli Parkının sahəsi 40 min 358 hektara çatdırılıb”, - deyə xidmət rəisi vurğulayıb.
F.Əliyev işğaldan azad olmuş ərazilərimizdə də yeni XMOTƏ-lərin yaradılması və paralel olaraq mühafizənin gücləndirilməsinin nəzərdə tutulduğunu qeyd edib.